Onu niyə sevmisən? | Elm cavab verir
// İnsanın aşiq olmasına təsir göstərən gizli amillər
Əgər siz dünyaya gələndə valideynlərinizin yaşı 30-dan yuxarı olubsa, böyük ehtimalla, yaşda özünüzdən böyük birini sevəcəksiniz. Şotlandiyanın Sent-Endryüs Universitetində aparılan araşdırmalar göstərib ki, bu cür ailələrdə doğulan tələbə qızlar üzündə qırışlar olan kişilərə vurulurlar. Oğlanlar isə yaşıdları olan qızlardan daha çox, özlərindən böyük qadınlara maraq göstəriblər.
Göz bəbəyinin halqası
Göz bəbəyinin ətrafında tünd rəngli çevrə var. Buna tibbi dildə “limbal halqa” deyirlər. Həmin halqa nə qədər aydındırsa, gözün ağı ilə qarası arasındakı keçid də bir o qədər kəskin və parlaq olur.
Kaliforniya Universitetində aparılan təcrübə zamanı könüllüllərə xoşlarına gələn insanın fotolarını seçmək təklif olunub. Bir neçə yüz şəklin arasında bəzilərinin limbal halqaları fotoşop vasitəsilə məqsədli şəkildə tündləşdirilib. Nəticədə demək olar ki, hamı həmin şəkilləri seçib. Gözün rəngi isə xüsusi rol oynamayıb.
Alimlərin fikrincə, limbal halqanın dəqiqliyi təhtəlşüurumuz tərəfindən cavanlıq və sağlamlıq markeri kimi qəbul olunuraq, partnyor seçiminə ciddi təsir göstərir. Qeyd edək ki, adətən 25 yaşdan sonra və xəstəliklər zamanı həmin halqanın dəqiqliyi azalmağa başlayır.
Artıq çəki
Amerikalı tədqiqatçılar Martin Tovi ilə Viren Svaminin araşdırmaları göstərib ki, kişilər ac olanda onları dolubədənli qadınlar daha çox cəzb edirlər. Eyni effekt stress və ağır fiziki yüklənmə zamanı da müşahidə olunur. Bu amillərin təsirilə kişilər əndamlı qadınlara vurula bilərlər. Çünki dolu qadın bədəni kişinin təhtəlşüurunda təhlükəsizlik duyğusu oyadır.
Qırmızı rəng
Hamımızın çoxdan bildiyi həqiqəti Roçestr Universitetində aparılan araşdırma bir daha təsdiqləyib: Qırmızı rəng qadını kişinin gözündə seksual baxımdan daha cazibəli edir. Bundan əlavə, qırmızı rəng kişinin təhtəlşüurunda sevişməyə dəvət kimi qəbul olunur. Kişinin qarderobundakı qırmızı rəng isə qadının gözündə statusun vurğulanması hissi oyadır (Trampın qırmızı qalstuklarını yada salın).
Səsin tonu
Qadınlar flirt edərkən yarım ton yüksək səsə keçirlər. Başqa sözlə desək, səsləri yarım ton incəlir. Bu da kişiləri cəlb edən amillərdən biridir. Kanadadakı Makmaster Universitetinin ekspertləri müəyyən ediblər ki ovulyasiya vaxtı da qadınların səsi incəlir, daha cingiltili olur. Ona görə, kişi beyni sövq-təbii ilə bu cür səsi qadının cütləşməyə hazır olması kimi qəbul edir.
Samir Quliyev
AzVision.az
Teqlər: Psixologiya